Qaliblər mükafatlandırıldılar
İyunun 3-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə qərarı ilə keçirilmiş ali məktəblərin X Respublika Universiadası qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son illər ölkəmizdə idmanın inkişafı istiqamətində görülmüş uğurlu işlərdən danışıb, tələbələr arasında bu cür yarışların sağlam gənc nəslin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, Azərbaycanın hər yerində bütün tələblərə cavab verən olimpiya mərkəzlərinin tikilməsinin bu qayğının təcəssümü olduğunu bildirib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrini həyata keçirmək məqsədi ilə gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirlərinin keçirildiyini bildirib. O, belə tədbirlərdən biri kimi universiada yarışlarının ənənəvi olaraq hər 2 ildən bir keçirildiyini diqqətə çatdırıb.
"Gənclik" Tələbə-İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin ölkəmizdə idmanın inkişafı sahəsindəki misilsiz xidmətlərindən söhbət açıb.
Kişilər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti qalib gəliblər. İkinci və üçüncü yerləri Azərbaycan Tibb Universitetinin və Bakı Dövlət Universitetinin komandaları tutublar.
Qadınlar arasında isə ilk pillədə yenə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Tibb Universiteti qərarlaşıblar. İkinci və üçüncü yerləri Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin komandaları tutublar.

AzərTAc

Xəbər 2358 dəfə oxundu.