Bakıda idman dırmanması üzrə dünya kubokunun açılış mərasimi olub

İyunun 22-də Azərbaycanda ilk dəfə idman dırmanması üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub.

Dövlət Bayraq Meydanında təşkil olunmuş tədbirdə əvvəlcə komandaların bayrağı səhnəyə gətirilib.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. Bildirib ki, artıq Azərbaycan dünyada qabaqcıl idman ölkəsi kimi tanınır. Beynəlxalq idman qurumlarının çəkinmədən qitə və dünya çempionatlarının təşkilini Azərbaycana həvalə etdiklərini diqqətə çatdıran nazir Bakının 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirib.

İdmançılara uğurlar arzulayan A.Rəhimov layiqlilərin qalib gələcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseynqulu Bağırov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişin olduğunu diqqətə çatdırıb. Azərbaycan idmançılarının 2012-ci il Olimpiadasında qazandığı nailiyyətlərdən danışan H.Bağırov bu uğurların əsasında dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının olduğunu bildirib.

Vurğulayıb ki, yarışın Dövlət Bayraq Meydanı kimi möhtəşəm məkanda keçirilməsi ölkəmizdə idman dırmanmasına olan müsbət münasibətin nəticəsidir.

Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolaris yarışın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, bu yarışın idmansevərlər üçün gözəl və dəyərli bayrama çevriləcəyinə ümidvar olduğunu deyib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

Yarışda 11 ölkədən 69 idmançı birincilik uğrunda mübarizə aparır. Yarışlar Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında keçirilir. Dünya kuboku yarışlarında Azərbaycanı 17 idmançı təmsil edir.

AzərTAc

Xəbər 1524 dəfə oxundu.