İdman jurnalistikamız daha bir ağsaqqalını itirdi
Əməkdar jurnalist Aqşin Kazımzadə vəfat edib
Azərbaycan jurnalistikasına ağır itki üz verib. İyunun 10-da əməkdar jurnalist Aqşin Kazımzadə 74 yaşında vəfat edib. A.Kazımzadə uzun illər idi ki, ürək xəstəliyindəmn əziyyət çəkirdi.
Aqşin Kazımzadə idman jurnalistikamızın ağsaqqalı, Azərbaycan idmanının canlı ensiklopediyası sayılıdı.
1963-93-cü illərdə «İdman» qəzetinin baş redaktor müavini və baş redaktoru vəzifələrində çalışmış A.Kazımzadə «Qızıl qələm» milli mükafatı laureatı idi.
18 illik fasilədən sonra yenidən “İdman” qəzeti ilə əməkdaşlığa başlamış qocaman jurnalist öz maraqlı yazıları ilə həm qəzetdə, həm də www.idman.com.az saytında çıxış edirdi.
Qeyd edək ki, Aqşin müəllimin sonuncu məqaləsi olan “Bu, monumental, amma qeyri-mental və total Hendrik Yoxannes Kroyf” yazısının davamı “İdman” qəzetinin qarşıdakı saylarında dərc olunacaq.
Qeyd edək ki, bu il ərzində idman jurnalistikamızın ikinci ağır itkisidir. Bundan bir müddət öncə tanınmış idman jurnalisti Valid Sənani uzun sürən xəstəlikdən sonra vəfat etmişdi.
Aqşin Kazımzadənin cənazəsi bu gün Yasamal qəbristanlığında dəfn olunub.
“İdman” qəzetinin redaksiya heyəti Aqşin Kazımzadənin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Aqşin müəllimin əziz xatirəsi daim bizimlə yaşayacaq.
Allah rəhmət eləsin!

Xəbər 2787 dəfə oxundu.