«Azərbaycana boş yerə getmişdim»
«Mən Azərbaycana boş yerə getmişdim. Onlar mənə vətəndaşlıq verəcəklərini deyirdilər. Amma sonda belə olmadı. Ola bilər ki, belə daha yaxşıdı». Bu sözləri Almaniyanın «Karlsruher» klubunun yeni futbolçusu Dmitri Nəzərov deyib.

Ötən il milli komandamızın toplanışına çağırılan hücumçu Qazaxıstan mətbuatına verdiyi müsahibədə yenə Bakıya gəlməsindən danışıb. Bu yay «Proyssen»i II Bundesliqa klubu «Karlsrue»yə dəyişən 23 yaşlı futbolçu ölkəmizə gəlməsinə görə təəssüflənir. Artıq «Karlsruher»də keçirdiyi 2 yoxlama oyunundan birində dubl edən Nəzərov Qazaxıstan millisinə çağırılacağına ümid etdiyini bildirib: «Mənimlə qışda Qazaxıstan Futbol Federasiyasının rəsmiləri danışdılar. Düzdü, həmin vaxtdan bəri onlarla əlaqəm olmayıb. Amma hesab edirəm ki, «Karlsruher» klubunda uğurlu çıxış etməyi bacarsam, yığma komanda ilə bağlı arzularım da gerçək olacaq».

Qeyd edək ki, Dmitri «Proyssen»dən «Karlsruher»ə 150 min avroya transfer olunub.

Xəbər 859 dəfə oxundu.