İspaniya yenə Avropa çempionu oldu
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatı başa çatıb. İsraildə keçirilən turnirin final matçında İspaniya və İtaliya yığmaları qarşılaşıb.

Yerusəlimdəki «Teddi» stadionunda baş tutan oyunda azarkeşlər qol şousuna şahidlik edib. 6 qolun vurulduğu oyunda ispanlar 4:2 hesablı qələbə qazanıb. İspaniyanın heyətində «Barselona»lı Tiaqo Alkantara het-trik (6, 31, 38-pen) edib, «Malaqa»lı İsko 1 qol vurub (66-pen). İtaliyanın qollarına isə «Ceona»nın üzvü Jiro İmmobile (10) və «Liverpul»un hücumçusu Fabio Borini (80) vurub.

Turnirin ən sərrast futbolçusu İspaniya yığmasının və «Real»ın üzvü Alvaro Morata olub. O, rəqib qapıçıları 4 dəfə məyus edib. Digər iki ispan – İsko və Tiaqo Alkantara hərəyə 3 dəfə fərqlənib.

Qeyd edək ki, İspaniya U-21-i tarixində 4-cü dəfə Avropa çempionu olub. İki il əvvəl də qızıl medallara sahib çıxmış ispanlar 1986 və 1998-ci illərdə də eyni uğura imza atmışdı.

Xəbər 884 dəfə oxundu.