Rusiyada da “Qarabağ” futbol komandası var

Rusiyanın Orsk şəhərində “Qarabağ” adlı futbol komandası fəaliyyət göstərir.
Bu şəhərdə yaşayan həmyerlilərimizin 1997-ci ildə təsis etdikləri komanda həmin vaxtdan Azərbaycanın üç rəngli bayrağı altında mübarizə aparır.
1998-ci ildən başlayaraq, Orskda keçirilən bütün futbol turnirlərində iştirak edən «Qarabağ» iştirak etdiyi bütün yarışlarda Azərbaycanı, xüsusən də Rusiyadakı soydaşlarımızı uğurla təmsil edir.
Komanda iştirak etdiyi bir çox yarışlarda dəfələrlə mükafata layiq yerlər tutub. 2003-cü ildən isə “Qarabağ” Orenburq vilayətinin birinciliyinə dəvət olunub.
Komanda bu yaxınlarda, mayın 28-də keçirilmiş, Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə təşkil edilmiş turnirdə də uğurla çıxış edib.
Komandanın təsisiçisi Məzahir Şabanov 1954-ci ildə Lənkəranda doğulub və 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1994-cü ildən Orsk şəhərində yaşayır. Məzahir müəllim deyir ki, komandanın yaradılmasında əsas məqsəd bu şəhərdə yaşayan soydaşlarımızın birliyinə nail olmaq və Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu göstərməkdir.

Xəbər 2529 dəfə oxundu.