Azərbaycan stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar.
Milli üzvləri Nevşehirdə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında iştirak ediblər.
Yarışın ilk günlərində U-13 komandası 2-ci, U-15 isə 3-cü yeri tutub. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər.
Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.
Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yerlə kifayətlənib. Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Beləliklə, komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.
|