Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən beşinci Azərbaycan boksçusu olub.
Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinədək dörd təmsilçimiz dünya çempionu olub.
Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekord əldə edib. Belə ki, boksçumuz 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmamıza ilk qızıl medalı 2003-cü ildə Banqkokda keçirilmiş dünya çempionatında Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildə mundialda Azərbaycan himnini səsləndiriblər. Ümumilikdə, 5 boksçumuz 7 qızıl medal əldə edib.
Yığmamız indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıl, 4-ü gümüş, 11-i bürünc medaldır.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı A.Dominqes dünya çempionatının finalında braziliyalı Keno Maçadoya qalib gəlib.
|