Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
18/08 | 20:47 Güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb
18/08 | 18:05 Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq
18/08 | 14:13 “Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşib
18/08 | 10:46 Rafael Ağayev: Qarşıdakı yarışlarda yalnız qızıl medal uğrunda mübarizə aparacağam
17/08 | 23:43 Azərbaycan Premyer Liqası: “Qəbələ” komandası öz meydanında “Sumqayıt”a məğlub olub
17/08 | 21:01 Zaur Əliyev dünya çempionatında gümüş medala sahib olub
17/08 | 20:45 “Judo Club 2012”nin gənc üzvləri Azərbaycan birinciliyində uğurla çıxış ediblər
17/08 | 19:46 Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
17/08 | 16:04 Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar
17/08 | 14:16 Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17/08 | 13:12 “Roma” klubu hücumçu Edin Dzeko ilə müqavilənin müddətini uzadıb
17/08 | 11:00 İtaliyanın "Roma" klubu türkiyəli futbolçunu heyətinə qatıb
17/08 | 10:17 Azərbaycan Premyer Liqasında “Qəbələ” ilk turdakı oyununu öz meydanında keçirəcək
16/08 | 22:02 Cüdo üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
16/08 | 21:34 “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb
16/08 | 20:02 Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib
16/08 | 19:33 Güləşçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
16/08 | 18:07 "Qarabağ"ın “Linfild”lə oyununun vaxtı məlum oldu
16/08 | 16:03 Azərbaycan güləşçisi dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıb
16/08 | 15:08 Azərbaycanlı futbol hakimi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb
16/08 | 14:41 “Fiziki məhdudiyyətli şəxslərin idman sahəsində bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin yekunları müzakirə olunub
16/08 | 14:21 Bu gün futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci il mövsümünə start veriləcək
16/08 | 12:36 Məlumat Hesablama Mərkəzinin əməkdaşı bilyard üzrə dünya ikincisi olub
16/08 | 11:26 Cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib
16/08 | 10:31 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16/08 | 10:03 Dünya çempionatında beş yunan-Roma güləşçimizin rəqibi müəyyənləşib
16/08 | 09:43 "Zirvə-Astara" komandası basketbol üzrə 2019-cu il dünya turundakı çıxışını davam etdirir
15/08 | 16:46 Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar
15/08 | 16:13 Naxçıvanlı güləşçilər sərbəst güləş üzrə açıq kubok yarışında iki medal qazanıblar
15/08 | 15:40 Futbol üzrə birincilikdə növbəti turun oyunları başa çatıb
15/08 | 15:07 Bakıda bədii gimnastika üzrə dünya çempionatının açılışında Azərbaycanın sevilən ifaçıları çıxış edəcəklər
15/08 | 14:06 Stolüstü tennisçilərimiz Macarıstanda təlim-məşq toplanışında iştirak edirlər
15/08 | 13:15 Masallı güləşçisi Bakıda keçirilən açıq kubok yarışında gümüş medal qazanıb
15/08 | 12:47 Futzal üzrə millimiz yoldaşlıq oyunları keçirəcək
15/08 | 12:03 “Zirə” növbəti transferini reallaşdırıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Tarix: 13.12.2010 | Saat: 23:45:00 | E-mail | Çapa göndər
- Əziz şəkililər!
- Bacılar və qardaşlar!
- Dostlar!
Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Sizə, bütün şəkililərə öz hörmət və ehtiramımı bildirirəm, xoş arzularımı çatdırıram. Hamınıza cansağlığı, səadət və gələcək həyatınızda uğurlar arzulayıram.
Şəki Azərbaycanın ən qədim şəhərlərindən, yəni insan məskənlərindən biridir. Şəkinin çox zəngin tarixi var. Şükür olsun ki, Şəkidən çox tarixçi alimlər də çıxıbdır. Onlar Şəkinin tarixini, əsrlər boyu Şəkinin yaşantısını yazıblar, xalqa bildiriblər. Bunların hamısı məlumdur. Bu barədə bu gün danışmağa ehtiyac yoxdur. Ancaq onu demək istəyirəm ki, Şəki Azərbaycanın gözəl guşələrindən biridir. Ona gözəllik verən, birincisi, onun təbiətidir. Mən burada durmuşam, bu dağlara baxıram. Onlara baxdıqca adamın ürəyi açılır, adam ilhama gəlir, adam təbiəti, dünyanı görür. Amma təkcə bunlar deyil, Şəkinin təbiətində o qədər gözəlliklər var ki, hər birini ayrı-ayrılıqda təsvir ediblər və təsvir etməyə də ehtiyac var.
Şəkidə yaşayan insanlar əsrlər boyu buranı qurub yaradıblar. Ona görə də Şəkidə tarixi-memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, bu günə qədər gəlib çatıbdır. Beləliklə, Şəkini bir muzeyə çeviriblər. Bunların hamısı insanları Şəkiyə cəlb edir. Dünyanın çox yerlərindən Azərbaycana gələn adamlar Şəkini oxuduqları kitablardan, aldıqları məlumatlardan yaxşı tanıdıqlarına görə, mütləq Şəkini ziyarət etmək istəyiblər.
Şəki öz xüsusiyyətlərinə görə fərqlənir, burada həmişə sənətkar adamlar, zəhmətkeş insanlar olub, onlar öz gözəl sənət nümunələri ilə Şəkini təkcə Azərbaycanda yox, bu bölgədə yox, bütün Şərq aləmində məşhurlaşdırıblar. Eyni zamanda, Şəkinin tarixində faciəli hadisələr də olubdur. Şəkiyə hücumlar olub, Şəki hökmdarları özlərini, xalqı qorumaq üçün döyüşlərə giriblər. Bəzən uduzublar, bəzən udublar, qalib gəliblər. Ancaq yaşayıblar və Şəki, yenə də deyirəm, Azərbaycanın çox gözəl bir guşəsi, parlaq bir hissəsi kimi, bu günə gəlib çatıbdır.
Şəki böyük insanlar - siyasi xadimlər, elm, mədəniyyət xadimləri yetirmişdir. Azərbaycan xalqının fəxri olan Mirzə Fətəli Axundov kimi insan öz həyat yolunu məhz Şəkidən başlamışdır. O, burada doğulmuş, burada böyümüş, Azərbaycan xalqının mədəniyyətinə, elminə, xüsusən, fəlsəfə elminə böyük töhfələr vermişdir. Azərbaycanda dünyəvi teatrın yaranmasında onun əsərlərinin, şəxsən onun özünün böyük xidmətləri olmuşdur.
Azərbaycanın görkəmli siyasi xadimi Fətəli xan Xoyski vaxtilə, çar Rusiyası zamanı Dumanın üzvü olmuşdur. 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyini əldə edərkən, Xalq Cümhuriyyətini yaradanlar hökumətə başçılıq etməyi məhz Fətəli xan Xoyskiyə etibar etmişlər. O, uzun müddət hökumətə başçılıq edib və sonra isə erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir. Burada digər siyasi xadimlər də yetişmişdir.
Dediyim kimi, Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin, memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Bahabzadə və bir çox başqaları. Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçi, professor Yaqub Mahmudov, - o, indi buradadır, - bu yaxınlarda həyatdan gedən Yaşar Qarayev, bir çox başqa alimlər Şəkinin yetirmələridir.
Əgər bizim musiqi mədəniyyətimizi götürsəniz, orada ən yüksək səviyyədə tanınan, sayılan və musiqi mədəniyyətimizə gözəl töhfələr verən insanların da bəziləri Şəkidə doğulmuş, buradan pərvazlanmışlar. Böyük bəstəkarımız Cövdət Hacıyev, Azərbaycanda ilk qadın bəstəkarlardan olan Şəfiqə Axundova. Sabit Rəhmanın oğlu Emin Sabitoğlu bizim çox gözəl, müasir bəstəkarlarımızdan biri idi. Digər bəstəkarlarımız da var.
Yerdən səslər: Xəyyam Mirzəzadə...
Heydər Əliyev: Xəyyam Mirzəzadə də burada anadan olub?
Yerdən səslər: Anası şəkilidir.
Heydər Əliyev: Anası buralıdırsa, demək özü də buralıdır. Çoxdur... İndi sizin qarşınızda imtahan vermirəm ki, hamısının adını bir-bir çəkim. Amma görürsünüz, hamısı mənim beynimdədir. Tək bunlar deyil, adlarını çəkdiklərim Şəkinin tanınmış nümayəndələridir, bizim hamımızın sevdiyi insanlardır. Ancaq şəkililər öz zəhmətkeşliyi ilə də çox işlər görüblər. Deyirəm, Şəki muzeydir. O memarlıq abidələrini yaradanlar böyük zəhmət, böyük zəka sərf edərək, onları ərsəyə gətiriblər. Bütün bunların hamısı Şəkinin Azərbaycanda görkəmli bir yer tutmasını təmin edibdir. Şəkililər bununla fəxr edə bilərlər.
Şəkililərdən bir yaxşı kinorejissor da var, Rasim Ocaqov. O, çox yaxşı, çox dəyərli filimlər yaradıbdır. Amma onun son filmi var - “Həm ticarət, həm ziyarət”, bu film yadınızdadırmı? Bir şəkilinin İstanbula səfər macərasından söhbət gedir. Filmin sonunda əsərin qəhrəmanı kor-peşiman Şəkiyə qayıtmalı olur. “Ha indi Şəkiyə qayıdası olduq?”... Bu sözlər də məşhur bir kəlamdır. Belədir, yoxsa yox? Bu da şəkililərin xüsusiyyətini əks etdirən çox gözəl bir kəlamdır. Bunlara görə də Şəki Azərbaycanda sevilir. Mən də həm bir vətəndaş, həm bir insan kimi hələ gənc vaxtlarımdan Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənərkən, Şəkini sevmişəm. Ancaq keçmişdə Azərbaycanın rəhbərliyində olduğum zaman və indi də Şəki mənim qəlbimdə xüsusi yer tutub və tutur, Şəkiyə, şəkililərə xüsusi məhəbbətimi həmişə saxlamışam, indi də saxlayıram. Görünür, mənim bu hisslərim irsi olaraq oğluma da keçibdir. Milli Olimpiya Komitəsi indiyə qədər beşinci kompleksdir ki, yaradır. Mən hələ bunu görməmişəm, buradan baxıram, amma dünən gecə gələndə gördüm ki, bu kompleksin ətrafı başqa cürdür. O biri komplekslərin hamısının açılışında mən iştirak etmişəm, görmüşəm, hələ beləsi olmayıbdır. Güman edirəm ki, bu da İlham Əliyevin Şəkiyə olan xüsusi münasibətinin ifadəsidir. Bütün bunlar Şəkiyə gələndə məndə böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə yaratdı. Dünən axşam gəldim, burada yatdım, özü də Bakıdakından yaxşı yatdım. Səhər durub dedim ki, bura nə yaxşıdır, elə gəlib burada qalım. Güman edirəm ki, bu, həm iqlimlə bağlıdır, həm də yəqin ki, xüsusi hissiyyatlar var.
İndi buraya nə qədər adam toplaşıbdır. Mən bunu təsəvvür edə bilməzdim. Gördüyünüz o evlərin birində də mən qalıram. Mən oradan çıxdım, avtomobillə gəlirdim. Ancaq oradan bura qədər yol hər iki tərəfdən adamlarla doludur, hamı bu mərasimə yığışıbdır. Təbiidir ki, mən avtomobili saxladım, - bilmirəm, oradan buraya məsafə nə qədərdir, 500 metr olar? Onların hamısını salamlaya-salamlaya gəlmişəm. Onlar oradadırlar, siz də buradasınız. Meydana bu qədər insan toplaşıbdır. Bu, Şəkidə olan ictimai-siyasi əhval-ruhiyyəni, vəziyyəti əks etdirir. Əgər bu olmasaydı, bu qədər adam buraya toplaşmazdı. Bu da mənim üçün, Azərbaycan Prezidenti üçün, Azərbaycan dövlətinin başçısı üçün ən əsas şərtlərdən biridir. Çünki bizim çalışdığımız odur ki, xalqımız həm yaxşı yaşasın, həm də xoş əhval-ruhiyyədə olsun. Bunların, bizim arzularımızın kökü, əsası var. Çünki biz indi müstəqil dövlətimizdə azad, sərbəst yaşayırıq. Çətinliklərimiz var, problemlərimiz var. Ancaq bunların hamısından üstün odur ki, biz artıq 11 ildir müstəqilik, azadıq.
Keçən ayın 18-də biz Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 11-ci ildönümünü təntənə ilə bayram etdik. 11 ildə çox ağır, çətin bir yol keçdik. Birincisi, dövlət müstəqilliyini bərpa edərkən, Azərbaycan ağır bir vəziyyətdə idi: Ermənistan silahlı qüvvələrinin təcavüzü, Azərbaycan torpaqlarının bir qisminin işğal olunması, verdiyimiz şəhidlər, tökülmüş qanlar, yerindən-yurdundan zorla çıxarılmış, çadırlarda yaşayan insanlar. Digər tərəfdən də, Azərbaycanın daxilində çəkişmələr, vuruşmalar, ayrı-ayrı siyasi qüvvələrin silahlı dəstələr vasitəsilə hakimiyyət uğrunda mübarizəsi... Bunların hamısı Azərbaycan xalqını, təbii ki, çox ağır vəziyyətə gətirib çıxarmışdı. Həm böyük insan tələfatı vardı, həm də insanların həyat tərzi tamamilə pozulmuşdu, həyat prinsipi pozulmuşdu.
Belə bir dövrdə Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Bütün başqa müttəfiq respublikalardan fərqli olaraq, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə ən ağır, ən çətin vəziyyətdə idi. Ancaq təəssüflər olsun ki, bu, belə bir ağır vəziyyət, Ermənistanla müharibə də davam edirdi. Daxildəki vuruşmalar, çəkişmələr, hakimiyyət mübarizəsi davam edirdi. Bunların hamısı 1993-cü ildə Azərbaycanı vətəndaş müharibəsinə gətirib çıxardı. Azərbaycan dağılmaq təhlükəsi qarşısında idi. 1991-ci ildən 1993-cü ilə qədər belə bir ağır dövrdə yaşadıq.
1993-cü ildən sonra isə Azərbaycanda ictimai-siyasi vəziyyəti normallaşdırmaq, Azərbaycanı bu böhrandan çıxarmaq bizim vəzifəmiz oldu. Vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanın parçalanmasının qarşısını almaq bizim vəzifəmiz oldu. Çox ağır, çətin vəzifə idi. Bu vəzifəni sizin, xalqın iradəsi ilə 1993-cü ilin iyun ayında mən öz üzərimə götürdüm. Bu vəzifəni üzərimə götürərkən, mən öz məsuliyyətimi bilirdim. Mənim qarşımda bir yol vardı. Mən bu vəzifəni üzərimə götürüb nə isə etməliydim, bu işə qarışmasaydım, qorxurdum ki, Azərbaycan artıq dağılacaqdı. Mən nə üçün bu məsuliyyəti öz üzərimə götürdüm? Ona görə ki, mən sizə, Azərbaycan xalqına arxalanırdım, inanırdım. O inamla da bu məsuliyyəti öz üzərimə götürdüm.
Biz bu ağır, çətin yolu bir yerdə keçdik. 1994-cü ildə dövlət çevrilişi elan etmək istədilər. 1995-ci ildə yenidən çevriliş etmək istədilər, terrorlar oldu, nə bilim, müxtəlif şeylər oldu, hamısının qarşısını aldıq. 1995-ci ildən etibarən, biz sabitliyi təmin etdik. 1996-cı ildən artıq Azərbaycanın iqtisadiyyatı inkişaf edir, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan xalqı rahat yaşayır və müstəqilliyini qoruyub saxlayır, bundan sonra da qoruyub saxlayacaqdır. Azərbaycanın müstəqilliyinin rəmzi bizim bu üçrəngli bayrağımızdır.
Mən bayaqdan baxıram, orada deyəsən, bir gənc qızdır, bayrağı əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin hamınız fikir verin. Bayrağı bir əlində tutub, külək bayrağı o tərəfə, bu tərəfə vurur, amma əlində düz saxlayıbdır.
Qızım, sənin üzünü görürəm, gözəl qızsan. Mən səni öpürəm, bağrıma basıram. Sən ki, Azərbaycanın müstəqilliyinin rəmzi olan o bayrağı o qədər sevirsən, onu əlində o cür saxlayırsan, buna görə sənə mən hörmət, ehtiramımı, sevgimi bildirirəm. Bu, xalqımızın müstəqilliyidir.
Bəxtiyar Vahabzadə: Bu, şeir mövzusudur.
Heydər Əliyev: Hə... Gördün, bax ona. Sən onu hələ görəcəksən. Mərasim başlayandan mən ona baxıram. Bəzən deyirəm, bəlkə başqa adamın əlidir. Deyirəm, bəlkə süni əldir. Görürəm, yox, özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycan dövlətinin göylərində daim dalğalanacaq və heç vaxt enməyəcəkdir!
Bax, mən Şəkini belə bir əhval-ruhiyyədə görəndə düşünürəm. Bəli, budur müstəqilliyimizin bizə verdiyi nemət, töhfə, bizə bəxş etdiyi xoşbəxtlik budur. Bu yolda vuruşmaq da, döyüşmək də, əziyyətlərə qatlaşmaq da lazım idi ki, bunu əldə edək. İndi vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaqdır. Biz bunu saxlayacağıq, mən buna inanıram. Mən o sözləri şüar naminə demədim. Bayraq dalğalanacaq, müstəqil dövlətimiz yaşayacaqdır. Çünki biz Azərbaycanda elə bir cəmiyyət yaratmışıq ki, insanların əksəriyyətində dövlət müstəqilliyimizə o qədər inam, o qədər sevgi, məhəbbət yaratmışıq ki, indi heç kəs Azərbaycanın dövlət müstəqilliyini əldən verməyə razı olmaz. Kimsə bunu edərsə, biz onun qarşısını dərhal alacağıq. Ona arxayın ola bilərsiniz.
Yenə də deyirəm, indi respublikamız inkişaf edir. Biz inkişaf dövründəyik, problemlərimiz, çətinliklərimiz də var. Mən bu gün rayon rəhbərliyi ilə görüş keçirəcəyəm. Problemlərə, çətinliklərə baxacağıq. Ancaq nə edək, bu, keçid dövrüdür. Bu dövrdə çətinlik də, problem də, hər şey olacaqdır. Bunlarsız mümkün deyil, hər şey hamar gedə bilməz. Bir də ki, onun heç ləzzəti olmazdı. Bir şeyə nail olmaq üçün gərək çalışasan, vuruşasan, ondan sonra deyəsən ki, bəli, bunun nəticəsini gördüm və necə deyərlər, rahatlıq, iftixar hissi ilə ondan istifadə edəsən. Bax, belədir. Biz müstəqilliyimizin möhkəmlənməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq.
Onu bilməlisiniz ki, iqtisadiyyatımız inkişaf edir. Burada problem yoxdur və Müstəqil Dövlətlər Birliyi içərisində Azərbaycan iqtisadiyyatın inkişafına görə hamısından üstündür. Bizim böyük neft strategiyamız var, onu həyata keçiririk. Onun nəticəsində artıq Azərbaycanın gəlirləri çoxalır. Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin həyata keçirilməsinə başladıq. O, üç ilə tikiləcəkdir. Azərbaycanda 3-4 ilə kimi neft hasilatı bir neçə dəfə artacaq və Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyəyə, onun Ceyhan limanına gedəcəkdir. Bunların hamısı Azərbaycan xalqına yeni gəlirlər gətirəcəkdir. Yəni bir neçə ildən sonra Azərbaycan çox varlı, zəngin, güclü bir dövlətə çevriləcəkdir. Biz bunun üçün hər il çalışırıq və çalışmalıyıq. Əgər biz 1994-cü ildə neft strategiyasının həyata keçirilməsinə başlamasaydıq, ilk müqaviləni - “Əsrin müqaviləsi”ni, ondan sonra o biri müqavilələri imzalamasaydıq və bunları ardıcıl surətdə, əzmlə həyata keçirməsəydik, indi bizim bu nəticələrimiz də, bu iqtisadiyyatımız da, gəlirlərimiz də olmazdı.
İndi biz Milli Məclisdə gələn ilin büdcəsini müzakirə edirik. Yaxşı büdcə layihəsi hazırlamışıq. Onu deyə bilərəm ki, büdcənin yarıdan çoxu sosial məsələlərə ayrılıbdır. Bu, böyük nailiyyətdir.
2003-cü ildə büdcədən maliyyələşdirilən bütün təşkilatlarda işləyənlərin, o cümlədən müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və başqa sahələrin işçilərinin maaşları ciddi surətdə artırılacaqdır. Bu, büdcədə nəzərdə tutulubdur. Siz bilin, 1996-cı ildən indiyə qədər Azərbaycanda ümumi əmək haqqı 3,4, pensiyalar 3,3 dəfə artıbdır. Başa düşürsünüzmü? Bu qədər artımdan sonra biz maaşları yenə artırırıq. Maaşları hər il artırırıq. Ona görə ki, bizim iqtisadiyyatımız inkişaf edir. Arxayın ola bilərsiniz, bu inkişaf davam edir və edəcəkdir. Olan çətinliklər aradan götürülür və götürüləcəkdir.
Məsələn, elektrik enerjisi çatışmazlığı var. Bu çatışmazlıq burada da var. Amma bilin, bu müstəqillik dövründə biz neçə elektrik stansiyası tikdik. Yenikənd Su Elektrik Stansiyasını tikdik, oradan təxminən 117 meqavat elektrik enerjisi alırıq. Ondan sonra Bakıda 90 meqavatlıq İstilik Elektrik Mərkəzini tikdik. İndi Bakıda “Şimal” Dövlət Rayon Elektrik Stansiyasını tikirik. 400 meqavatlıq bu stansiyanı dekabr ayında istifadəyə verəcəyik. Təsəvvür edin, bizimlə qonşu dövlətlərimiz var, - Gürcüstan, Ermənistan... Xüsusən Gürcüstan qaranlıqda batır. Amma bizim hələ keçmişdə, sovet vaxtında yaratdığımız, - iftixar hissi ilə deyirəm ki, mən o illərdə bunun üçün çox çalışmışam, - nə qədər böyük elektrik stansiyalarımız var. Onlar olmasaydı, biz indi elektrik enerjisini haradan alacaqdıq. Keçmişdə biz SSRİ-nin vahid elektrik şəbəkəsinə qoşulmuşduq. Elektrik enerjisini oradan alırdıq. Amma o illərdə biz elektrik stansiyaları tikdik. Özümüz üçün müstəqil elektrik enerjisi mənbəyi yaratdıq. O bizə kömək edir. Ondan da əlavə, müstəqillik illərində görün neçə elektrik stansiyası tikmişik. Bunları yaradırıq və elektrik enerjisi ilə təminat getdikcə artacaqdır. Hamısı birdən olmur. Bizim fikrimiz var ki, “Şimal” elektrik stansiyası kimi 400 meqavatlıq daha bir stansiya da tikək. Onun yeri var və biz kredit alıb bunun tikintisinə başlaya biləcəyik. Yəni demək istəyirəm ki, bütün bu çətinliklər aradan götürülür və götürüləcəkdir. Buna arxayın ola bilərsiniz.
Mən bilirəm, Şəkidə işsizlik var, bunu da aradan götürmək lazımdır. Biz bazar iqtisadiyyatı yolu ilə gedirik. İndi biz yeni müəssisələr, dövlət müəssisələri yarada bilmərik. Buradakı ipək kombinatında vaxtilə 6-7 min nəfər işləyirdi. O vaxt da Azərbaycanın rəhbəri indi sizin qarşınızda duran Heydər Əliyev idi. Elədirmi? O vaxt mən orada yeni, böyük bir sex yaratdım ki, son məhsul alaq. Bunların hamısını etdik. Amma indi sovet sistemi, SSRİ dağılandan sonra başqa çox şeylər də dağıldı. İndi kombinatda bərpa işləri aparırıq. Oraya xeyli vəsait buraxmışıq. Həmin vəsaitin ayrılması nəticəsində xeyli adam orada işləyir. Biz onu daha da genişləndirəcəyik. Amma bizim yolumuz o deyildir. Bizim yolumuz sahibkarlığı inkişaf etdirməkdir.
Şəkililər keçmişdə həmişə ticarətlə yaxşı məşğul olublar. Yenə də deyirəm, sənətkar olublar, çox şeyi özləri istehsal ediblər, satıblar. Şəki Azərbaycanda həmişə ticarət mərkəzi kimi tanınıbdır. Burada Gürcüstanla, İranla ticarət aparıblar. Burada ticarətə meyl çoxdur. Yəni sahibkarlığa da meyl yüksəkdir.
İqtisadiyyat naziri buradadır. O bu gün məlumat verəcəkdir. Mən sahibkarlığın inkişafı haqqında çox fərmanlar vermişəm. Kiçik sahibkarlar üçün indi kreditlər ayrılır. Kredit götürüb iş qurmaq, müəssisə yaratmaq olar. Şəkililər gərək öz xüsusiyyətlərini büruzə versinlər. Yoxsa, keçmiş sovet dövründə olduğu kimi, gedib işlədin-isləmədin maaşını aldın, gəlib oturdun - indi belə şey olmaz. İndi gərək işləyəsən, çalışasan, zəhmət çəkib qazanasan, yaşayasan.
İndi sizinlə danışıram, yadıma düşür ki, sizin Kiş çayınız var. Bu çay Şəkini neçə dəfə dağıdıbdır. Tarixdə bu, neçə dəfə olubdur. Bir dəfə, XVII əsrdə Kiş çayına elə sel gəlib ki, bütün Şəkini dağıdıbdır. Ondan sonra camaat gedib yuxarıda özünə məskən salıbdır. Ondan sonra Nuxa yaranıbdır. Bir dəfə də Kiş çayı bizim vaxtımızda, müstəqilliyimiz illərində buraları basdı. Bir az qabağını aldıq. Sonra məndə məlumatlar vardı, bizim hörmətli Bəxtiyar Vahabzadə də mənə müraciət etdi ki, əgər belə getsə, Kiş çayı Şəki şəhərini dağıdacaqdır. Onda mən qəti tədbirlər gördüm və bilmirəm, deyəsən, 19 milyard manat vəsait ayırdıq. Orada möhkəm bəndlər tikildi, körpü salındı. Demək, Şəkini Kiş çayından qoruduq. Şəki bir də Nuxaya çevrilməyəcəkdir.
İndi bunu nə üçün deyirəm, nə üçün yada salıram? O şey ki, mümkündür, biz onu edirik. Baxmayaraq ki, o vəsaiti də biz haradansa kəsdik, buraya verdik. Çünki bunu etmək lazım idi. O şey ki, mümkün deyil, bu gün edə bilmirik, amma onu sabah edəcəyik. Sabah da etməsək, o biri gün edəcəyik. Bunu bilin. Sizin hamınız böyük nikbinliklə yaşamalısınız ki, gələcək bundan da yaxşı olacaqdır. Bax, bu komplekslər onu göstərir ki, gələcək yaxşı olacaqdır. Bu, gələcəyə yönəldilmiş bir kompleksdir.
Şəkidə böyük memarlıq abidələri, binalar, bütün dünyada məşhur olan Xan sarayı var. Amma indiyə qədər Şəkidə belə bir nəhəng kompleks tikilməyibdir. İndi bu, kimin üçün tikilibdir? Millət üçün, xalq üçün, gənclər üçün tikilibdir.
Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür komplekslərdə yaranır. Bu, gəncləri narkotiklərdən, spirtli içkilərdən istifadə etməkdən çəkindirəcəkdir. Burada, Şəkidə hələ keçmişdə tiryəkçilər, tiryək çəkənlər də olubdur. Elədirmi? Şəki elə vaxtilə bir az bununla da məşhur idi ki, burada tiryək çəkərdilər. Bu, qədim vaxtlarda olubdur. Amma olan olubdur. Hər yerin bir xüsusiyyəti var. İndi biz gənclərimizi bunların hamısından qoruyuruq və qorumalıyıq. Çünki indi narkomaniya dünyada bir hal alıbdır. Təkcə narkomaniya deyil, başqa pis adətlər, yaxud spirtli içkilərdən istifadə etmək, başqa şeylər... Yenə də deyirəm, lazımdır ki, gənclər, fiziki cəhətdən sağlam olsunlar. Bu kompleksdə gənclər üçün bunu təmin etmək mümkün olacaqdır. Ona görə bunun həm böyük siyasi, həm iqtisadi, həm də sosial əhəmiyyəti var.
Şəhər İcra Hakimiyyətinin başçısı mənə danışdı ki, bu kompleksin tikintisində 400 nəfər insan, özü də ayda 500 min manatdan 4 milyon manatadək əmək haqqı almaqla burada işləyiblər. Deməli, burada iş yerləri olubdur. İndi bu kompleksin istismarı zamanı burada 120 nəfərdən çox adam işləyəcəkdir, onlar maaş alacaqlar. Görürsünüzmü, birdən-birə bu kompleks neçə məsələni həll edir. Ona görə də mən elə bilirəm ki, bu kompleksin Şəki üçün heç əvəzi yoxdur. Bunu cəmisi 10 ay, yaxuddakı bir il müddətində, qısa vaxtda bu cür keyfiyyətlə qurub yaratmaq, onu göstərir ki, Azərbaycan xalqı nələrə qadirdir. Bu kompleksin xüsusiyyəti odur ki, orada gözəl evlər düzəldiblər, buraya gələn idmançılar istirahət edə biləcəklər. Onların birində mən gecə istirahət etdim, çox yaxşıdır. Əgər mənim kimi adam orada yaxşı istirahət edə bilirsə, 18 yaşında gənc elə istirahət edəcək ki, heç əvəzi olmayacaqdır.
Bizim Milli Olimpiya Komitəsi son illərdə, doğrudan da, çox böyük işlər görür. Biz bu yaxınlarda Milli Olimpiya Komitəsinin 10 illik yubileyini qeyd etdik. Amma onun həqiqi fəaliyyəti son beş ildədir. İdmançılar İlham Əliyevi özlərinə başçı, prezident seçəndən sonra, o, elə böyük həvəslə, elə böyük ruh yüksəkliyi ilə, elə məhəbbətlə bu işdən yapışıbdır ki, onu bundan heç cür ayırmaq mümkün deyildir. Bu da təsadüfi deyildir.
Birincisi, cavan insan kimi o, gənclərin tələbatını yaxşı bilir. İkincisi də, gənc siyasətçi kimi yaxşı bilir ki, ölkəmizin gələcəyi, respublikamızın gələcək həyatı gənclərdən asılıdır və onlardan ötrü də şərait yaratmaq lazımdır. Müstəqil dövlətimiz üçün bunun çox böyük əhəmiyyəti var.
Mən Milli Olimpiya Komitəsinə təşəkkür edirəm ki, belə işlər görür və ümidvaram ki, bu iş bundan sonra da davam edəcək, Azərbaycanın başqa bölgələrinə də yayılacaqdır.
Mən inanıram ki, birincisi, şəkililər bu kompleksdən səmərəli istifadə edəcəklər. İkincisi, bu kompleks öz gözəlliyi ilə, müasir şəraiti ilə gəncləri daha da tərbiyələndirəcəkdir. Onların mənəvi səviyyəsini artıracaqdır. Üçüncüsü də, dediyim kimi, bizim gələcəyimizə sağlam nəsil hazırlayacaqdır.
İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə də görürsünüz, sizin qabağınızda belə dayanmışam. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm. Özü də burada gənclərin öz yeri, orta nəslin, yaşlı nəslin də öz yeri var. O cümlədən, Abid Şərifova da deyirəm ki, idmanla məşğul ol. Çünki onun çəkisi bir az artıqdır, onu azaltsın.
İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir. Bunu biz çox vasitələrlə edirik. Bu vasitələrdən biri bizim mədəniyyətimizdir. Məsələn, bizim musiqimiz, ədəbiyyatımız, teatrımız, yaxud mahnılarımız - dünyaya bizi ən çox tanıdan bunlardır. İdman da, bəli, indi dünyada çox geniş yer tutubdur. Müxtəlif yarışlar keçirilir. İlham Əliyev burada dedi, qısa müddətdə yarışlarda nə qədər uğurlar qazanılıbdır. Bunun xüsusiyyəti bir də ondan ibarətdir ki, hər bir idmançı əgər birinci, ikinci, hətta üçüncü yer tutursa, onun mənsub olduğu ölkənin milli bayrağı qaldırılır, birinci yer tutanın şərəfinə dövlət himni ifa olunur.
Sizə bir şeyi bildirmək istəyirəm. Xarici ölkələrdə təkcə Azərbaycanın yox, hər bir dövlətin o halda himni səslənir və bayrağı qaldırılır ki, oraya hansısa dövlətin başçısı rəsmi səfərə gəlmiş olsun. Məsələn, mən, Azərbaycan Prezidenti bir ölkəyə rəsmi səfərə gedəndə, bəli, Azərbaycanın bayrağı qaldığım iqamətgahın üzərində ucaldılır, rəsmi qəbul mərasimində Azərbaycanın himni səslənir və Dövlət bayrağı qaldırılır. Başqa heç bir vaxt belə şey olmur.
Amma idman sahəsində beynəlxalq yarışda da birinci, ikinci, üçüncü yerləri tutan idmançıların mənsub olduqları ölkələrin bayraqları qaldırılır, birinci yeri tutan idmançının ölkəsinin həm də Dövlət himni səsləndirilir. Görürsünüzmü, bunun nə qədər əhəmiyyəti var. Bu, məsələnin siyasi tərəfidir, millətimizi tanıtmaqla bağlı olan tərəfdir. Amma digər tərəfi haqqında da mən sizə danışdım.
Bizim gənclərimiz ona görə sağlam olmalıdırlar ki, ordumuz güclü olsun. Mən sizə deyə bilərəm ki, son illər Azərbaycanda aparılan işlər ölkəmizin ordusunu gücləndiribdir. Bizim ordumuz indi Azərbaycan torpaqlarını qorumağa və Azərbaycana qarşı hər bir hərbi təcavüzün qarşısını almağa qadirdir.
Ancaq onu bilmək lazımdır ki, hər bir müstəqil dövlətin gərək daim güclü ordusu olsun. Azərbaycanın da güclü ordusu var, amma bundan da güclü, bundan da yüksək səviyyədə olmalıdır. Ona görə Azərbaycanda gərək sağlam gənclər yetişsin. Azərbaycan ordusunda fiziki cəhətdən sağlam gənclər xidmət edəcəklər və onu gücləndirəcəklər. Mən dedim ki, bizim ordumuz qarşısında duran vəzifələri həll etməyə qadirdir.
İndi bizim problemlərimizdən ən çətini, ən ağırı Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasıdır. Bu münaqişə sizə məlumdur. Bunun Azərbaycana vurduğu zərbələr də, çəkdiyimiz zərərlər də sizə məlumdur. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq insan yerindən-yurdundan didərgin düşüb, ağır, çətin vəziyyətdə, əksər hissəsi də çadırlarda yaşayır. Səkkiz ildir ki, atəşi dayandırmışıq, bu özü yaxşı haldır. Səkkiz ildir bizim gənclər şəhid olmurlar. Bu, böyük nailiyyətdir. Ancaq eyni zamanda, biz atəşi dayandırmışıq ki, məsələni sülh yolu ilə həll edək. Həll etməyə çalışırıq. Dünyada, beynəlxalq təşkilatlarda olan bütün imkanlardan istifadə edirik. ATƏT-in Minsk qrupu ilə daim əməkdaşlıq edirik. Böyük dövlətlərin başçıları ilə mən vaxtaşırı görüşlər keçirirəm. Bütün sahələrdə danışıqlar aparırıq. Münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Əminəm ki, həll edəcəyik. Buna zaman, vaxt lazımdır. Azərbaycan torpaqlarını heç vaxt əlindən verə bilməz. Biz işğal olunmuş torpaqlarımızı nəyin bahasına olur-olsun, mütləq qaytaracağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və yerindən-yurdundan didərgin düşən soydaşlarımız öz yerlərinə qayıdacaqlar. Biz bunu edəcəyik. Mən buna inanıram, siz də inanın. Hamımız bir yerdə, əl-ələ verərək, bunu etməliyik.
Əziz dostlar, bu gün, əgər sadə sözlə desəm, mənim kefim çox yaxşıdır. Bilirsiniz, prezidentin işi çətindir, ağırdır. Bəzən olur əsəbiləşirəm, bəzən iş məni sıxır. Amma bu gün burada çox yaxşı əhval-ruhiyyədəyəm, sizdən ilham alıram. Bu insanları, sizi görürəm. Azərbaycanın nə qədər gözəl insanları var. Elə bütün nəsillər - gənclər, yaşlılar, qızlar, oğlanlar, qadınlar, kişilər gözəldir. Nə qədər gözəl millətimiz var. Vallah, bu millətə mənsub olmaq böyük bir xoşbəxtlikdir. Bu millətin dərdini çəkmək dərd deyil, xoşbəxtlikdir.
Məmnunam ki, xalq mənə etimad göstərir, millətin dərdini də çəkirəm, əziyyət də çəkirəm, çox çətin işlərim də var. Amma məni həmişə bir şey ruhlandırır ki, belə xalqımız var, millətimiz var, belə gözəl, Azərbaycan kimi ölkəmiz, Azərbaycan dilimiz, Azərbaycan ədəbiyyatımız, Azərbaycan mədəniyyətimiz var. Bax, bu hisslərlə də mən bu gün sizinlə burada görüşürəm. Bir daha sizin hamınızı salamlayıram. Sizi öpürəm, bağrıma basıram, sizin hamınıza çansağlığı diləyirəm. Arzu edirəm ki, bu gözəl kompleksdən hamı istifadə edib özünü sağlamlaşdırsın. Sağ olun. Bugünkü bu münasibətinizə görə sizə təşəkkür edirəm. Bu, bayramdır, bayramınız mübarək olsun!

9 noyabr 2002-ci il
Xəbər 2101 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.05.2013 “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilib
12.12.2011 Səkkizinci 12 dekabr
16.05.2011 Balakəndə ulu öndərin xatirə turnirləri keçirilib
11.05.2011 Qələbələrimizin memarı
30.03.2011 Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirləri
22.10.2002 Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının nümayəndə heyətini qəbul etmişdir
11.10.2002 Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
12.09.2002 Gəncə şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
15.06.2002 Naxçıvan şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Səhvlər komediyasının qurbanlığı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru