Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən oyunçuları müəyyənləşdirib.
Yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda millimizin heyətində toppaylayıcılar - Kristina Yaqubova, Şəfaqət Alışanova, blokçular - Ayşən Abduləzimova, Kseniya Pavlenko, Mariya Kirilyuk, hücumçular - Anastasiya Qurbanova, Nelli Salbişvili, Yelizaveta Səmədova, Nikalina Başnakova, Polina Rəhimova, Marqarita Əzizova, liberolar - Yuliya Kərimova və Bəyaz Alıyeva mübarizə aparacaqlar.
Yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları yarışacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə “Tokio 2020” Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.
|