Oktyabrın 30-da Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının ikinci turuna start veriləcək.
Ölkəmizi bu yarışda təmsil edən 16 yaşadək əsas yığmanın üzvləri – “Azərbaycan” komandası ABŞ, digər yığmamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları Tailand təmsilçiləri ilə mübarizə aparacaqlar.
Əsas yığmanın heyətində mübarizə aparan Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva birinci turda Monqolustan şahmatçılarını 3:1 hesabı ilə məğlub ediblər. Şahmatçılarımızdan A.Süleymanlı və G.Beydullayeva qarşılaşmaları qələbə ilə başa vurublar, Ə.Əhmədzadə və V.Manafov heç-heçə ediblər.
Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Nəsrin Babayevanın çıxış etdiyi “Azərbaycan-Naxçıvan” komandası isə debütdə Qazaxıstan yığmasına uduzub - 1:3. X.Babazadə, S.Məmmədov rəqibləri ilə heç-heçə edib, S.Qarayev və N.Babayeva isə məğlub olublar.
Ümumilikdə 48 komandanın mübarizə apardığı olimpiada noyabrın 6-dək davam edəcək.
|