Ölkəmizin medal daxılına «Rio-2016»nın ilk qızıl mükafatını taekvondoçu Radik İsayev əlavə etdi. Bu, həm də Rio Oyunlarına qədər fəxri kürsüsündə idmançımızın yer almadığı bir növdə əldə olunan ən böyük nailiyyətdir.
- Radik, səni təbrik edirik. Olimpiya çempionu olmaq nə deməkdir, bu necə hissdir?
- Açığı, hələ bunu hiss etmirəm, daha doğrusu, dərk etmirəm. Hələ ancaq ağrıları hiss edirəm. Ayağımda dəhşət ağrılar var.
- Finalda zədələndin?
- Xeyr, hələ ilk görüşdə güclü zərbə almışam.
- Bu ağrılarla da döşək üzərinə çıxmısan.
- Bəli, ağrılarla çıxmışam. Amma bu idmandır, dözüm meydanıdır, ağrılara dözməyəcəksənsə, qələbə də olmayacaq.
- Sən döyüşlərə hansı ruhla çıxırdın, yalnız çempion olmağı düşünürdün?
- Əsas vəzifəm hər görüşə qələbə üçün çıxmaq idi. Məqsədləri o qədər də uzaq hədəfə yönəltmirəm. Görüşdən-görüşə qoyuram. Çünki konkret döyüşlərdə konkret məqsədlər, vəzifələr olmalıdır. Çempionluq bunun yekun nəticəsidir.
- Rəqiblərinin adlarını öyrənəndə, nə hiss etdin, qalib gələ biləcəyin heç ağlından keçmədi?
- Bütün rəqiblər bir-birini yaxşı tanıyır. Əvvəl axır hamısı ilə üz-üzə gəlirsən. Konkret kimisə öyrənmək məqsədi olmur qarşımda. Çıxıb öz vəzifəm uğrunda döyüşürəm. Məqsəd irəli getmək, daim irəliləməkdir.
- Əvvəllər bu rəqibinə məğlub olmuşdun, bunun yükü üzərində yox idi ki?
- Bu idmandır. Bu gün uduzursan, sabah udursan. Beləcə, həyat davam edir. Belə hisslərlə yaşasan, qalib gələ bilməzsən.
- Hansı döyüşün daha ağır keçdi?
- Konkret döyüş deyə bilmərəm. Hər döyüşüm ağır oldu. Hər görüşdə psixoloji təzyiqi hiss edirdim. Çünki məsuliyyət yükünü hər an hiss edirdim və o, məni qələbələrə də kökləyirdi.
- Döyüşlərin necə keçir. Zalı, məşqçiləri, reaksiyaları hiss edirsən?
- Mən dayanq üzərinə çıxıb öz işimi görürəm. Əlbəttə, məşqçilərin səsini, tapşırıqlarını eşidirəm. Bu illərin vərdişidir. Amma onlardan o tərəfi, zalı ümumiyyətlə, başqa heç kimi eşitmirəm. Əsas vəzifəm məşqçilərin tapşırığını doğru yerinə yetirməkdir. Məncə bu dəfə buna nail oldum.
- Qələbəni kimə həsr edirsən?
- İlk növbədə valideynlərimə. Onlar mənim ən əsas azarkeşlərimdir. Anam daha çox həyəcanlanır. Bütün medallarımı da əlimdən alıb otağımda divara asır. Mənim əsas mükafatlarım anamın koleksiyasına çevrilib.
- Azərbaycan bayrağı ilə dövrə vuranda, «Radik, Radik» sədalarını eşidəndə, hansı hissləri keçirirdin?
- Bunu təsəvvür etmək, sözlə söyləmək mümkün deyil. İzah edə bilməyəcəyəm. Amma təkcə onu deyə bilərəm ki, böyük fəxarətdir, inanılmaz hisslərdir.
Qabil Mehdiyev
Rio de Janeyro
|